
«Ankara erməni-türk sərhədlərinin açılması üçün siyasi, psixoloji və geopolitik əngəllərin aradan qaldırılmasına çalışır». Bu sözləri Türkiyənin xarici işlər naziri «Star» qəzetinə verdiyi müsahibədə bildirib.
«Biz Qafqazı vahid və bütöv görürük. Ermənistanla münasibətlərin normallaşması üçün siyasi iradəmizə sadiqiq. Biz istəyirik ki, sərhədlərin açılmasına mane olan bütün əngəllər aradan qalxsın» - deyə qəzet xarici işlər nazirinin sözlərini sitat kimi verib. Davudoğlu vurğulayıb ki, Qafqazda birliyin, o cümlədən iqtisadi əməkdaşlığın yaradılması çox vacibdir: «Bundan əlavə, Ermənistanın işğal etdiyi 20 faiz Azərbaycan torpaqlarının statusu müəyyən edilməlidir. Bu istiqamətdə birtərəfli addımlar uzunmüddətli qərarı təmin edə bilməz». Türkiyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində iştirak edən tərəflər münaqişənin həlli üçün əllərindən gələni edirlər. Maraqlıdır ki, Türkiyənin XİN rəhbəri bu açıqlamasında Ermənistanla münasibətlərin normallaşmasına çalışdığını bildirsə də, ANS-ə müsahibəsində NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədinin açılması barədə məlumatları belə şərh edib: “Bu məsələdə narahatlıq yaradanlar doğru etmirlər. Narahatlığa heç bir əsas yoxdur. Hər şeydən əvvəl bu təlimlər döyüş təlimi deyil, zəlzələ zamanı hansı işlər görülməsi və hansı hərəkətlərin edilməsilə bağlıdır. Mənim bildiyimə görə, Azərbaycan da bu məsələyə qoşulur. Bizim ora qoşulmağımız səhra xəstəxanaları ilə bağlıdır. NATO-ya üzv olduğumuza görədir. Bildiyinizə görə, bu səhra xəstəxanalarından Pakistana da göndərmişik. Ora bir şəkildə insanlıq mövqeyindən yanaşmışıq. Amma sərhədlərin açılması ilə bağlı deyilən bir məsələ gündəmdə deyil, bu məsələ müzakirə mövzusu deyil”.
A.NURİYEV
|