
“Seçici siyahılarının dəqiqləşdirilməsi seçki gününə qədər aparılmalıdır”. Bunu Mərkəzi Seçki Komissiyasında DSK sədrləri üçün ixtisaslaşdırılmış kursların başlanması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib. Onun sözlərinə görə, 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bəzi qanun pozuntuları da olub və bunlar ölkə rəhbərliyi tərəfindən prinsipial olaraq qiymətləndirilib: “Bu pozuntuya yol verilən icra strukturları cəzalandırılıb, bir sıra nəticələr ləğv olunub. Azərbaycan prezidenti də bu qanun pozuntularına görə, Naftalan rayon icra başçısını vəzifədən azad edib. Parlament seçkilərində bu mövqe daha da sərtləşəcək. Biz əldə olunan təcrübəni daha da təkmilləşdirməliyik”. Z.Nağdəliev 2008-ci ildə keçirilən bələdiyyə seçkiləri zamanı təxribatların olduğunu, əvvəlki müvafiq seçkidən fərqli olaraq bu dəfə həmin təxribatların hamısının qarşısının alındığını vurğulayıb. Azərbaycanda artıq seçki mədəniyyətinin formalaşdığını bildirən PA-nın rəsmisi son bələdiyyə seçkilərində Azərbaycanın demokratiya yolunda növbəti addımlar atdığını qeyd edib.
|