
«Azəri-Çıraq-Günəşli» dəniz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində yeni Çıraq Neft Layihəsinin icrasına start verilib. Layihənin reallaşması 1800-dən artıq yeni iş yeri açılmasına imkan verəcək
«Azəri-Çıraq-Günəşli» dəniz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində yeni Çıraq Neft Layihəsinin icrasına start verilib. Xəzərin Azərbaycan sektorunda reallaşdırılacaq layihə blokda neft hasilatının artırılmasını nəzərdə tutur. Adıçəkilən layihəinin sanksiyasının verilməsi ilə bağlı martın 9-da Neft Şirkəti (ARDNŞ) ilə «BP-Azerbaijan» şirkəti arasında imzalanma mərasimi keçirilib. Tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkənin neft-qaz potensialı və tarixi barədə məlumat verib. Onun sözlərinə görə, respublikada hazırda 14 xarici neft-qaz şirkəti fəaliyyətdədir. 1994-cü ildən indiyədək xarici şirkətlərlə 20-dən artıq sazişin imzalandığını deyən şirkətin prezidenti Çıraq Neft Layihəsi barədə də məlumat verib: “Layihə “Azəri-Çıraq-Günəşli” yataqlarında əlavə 360 milyon barel neft hasil etməyə imkan verəcək. Bu da yeni nəhəng yatağın hasilatına bərabərdir. Layihə çərçivəsində yeni texnologiya və avadanlıqların tətbiqi nəzərdə tutulur. Bu da “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan maksimum hasilatın uzunmüddətli saxlanmasını təmin edəcək”. R.Abdullayev indiyədək Azərbaycanın neft sektoruna 38 milyard ABŞ dolları məbləğində sərmayə yatırıldığını da vurğulayıb: “Bu vəsaitin 20 milyard dollardan artıq hissəsi “Azəri-Çıraq-Günəşli” yataqları blokunun işlənməsi layihəsinə sərf edilib. Çıraq Neft Layihəsinə isə 6 milyard dollar yönəldilməsi planlaşdırılır. Layihə daxili vəsait hesabına icra ediləcək. Xaricdən yalnız avadanlıqlar gətiriləcək. Layihənin reallaşması 1800-dən artıq yeni iş yeri açılmasına imkan verəcək”. “Azəri-Çıraq-Günəşli” yataqlarının hasilatından söz açan “BP-Azerbaijan” şirkətinin prezidenti Rəşid Cavanşir bildirib ki, yataqdan ötən ildə 40 milyon ton neft çıxarılıb: “Yeni layihənin icrası isə bu həcmi artırmağa imkan verəcək”. Şirkət rəhbərinin sözlərinə görə, layihədən ilk hasilat 2013-cü ilin dördüncü rübünə planlaşdırılır: “BP-Azerbaijan” və ARDNŞ tərəfindən birgə hazırlanan bu layihə digərlərindən seçilir. Ümidvaram ki, tərəflər arasında əməkdaşlıq digər layihələrlə davam edəcək”. Çıraq Neft Layihəsinin rəhbəri İlqar Məmmədov da onun icrası barədə məlumat verib. Belə ki, layihə çərçivəsində suyun 170 metr dərinliyində, “Çıraq” və “Dərinsulu Günəşli” platformaları arasında yeni platforma qurulacaq. Bu platformadan neftin planlaşdırılan illik hasilat həcmi 183 min barel təşkil edəcək. Səmt qazının gündəlik hasilat həcminin isə 6,5 milyon kubmetrdən çox olacağı proqnozlşdırılır. Platformada qazın laya vurulmasının gündəlik həcmi isə 2,3 milyon kubmetrə yaxın təşkil edəcək. Tədbirin sonunda Çıraq Neft Layihəsinin sanksiyasının verilməsinə dair sənəd imzalanıb. Sənədi R.Abdullayev və R.Cavanşir imzalayıb.
HƏQİQƏT
P.S. Sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və “BP-Azerbaijan” şirkətinin prezidenti Rəşid Cavanşir imzalayıb
|