Əldə olunan sənədlər Əfqanıstan müharibəsində dinc əhali arasında itkilərin həddən artıq çox olduğundan bəhs edir. Hesabatlarda 144 əməliyyatın gedişi təsvir olunub və onların çoxunda dinc əhalinin həlak olduğu göstərilir
«Wikileaks» saytı Əfqanıstanda sülhməramlı missiya adı altında fəaliyyət göstərən ABŞ hərbçiləri ilə bağlı sensasiyalı məlumatlar yayıb. Quantanamo və «Əbu Qreyb» biabırçılıqlarından dərs götürməyən Pentaqon növbəti rüsvayçılığı Əfqanıstanda təkrarlanıb. «Wikileaks» saytında «Əfqan gündəliyi» adlanan məxfi sənədlərin dərci sülhməramlı missiya adı altında fəaliyyət göstərən ABŞ hərbçilərinin nüfuzuna ciddi zərbə vurmuş olub. Saytda Pentaqonun Əfqanıstandakı əməliyyatlarını əks etdirən nə az, nə çox, düz 92 min sənəd qoyulub. Mətbuat səhifələrinə düşən sənəd Vaşinqtonun Əfqanıstandakı vəziyyətin normal olduğu barədə bəyanatlarını alt-üst edir. Bəlli olub ki, əfqan ordusu heç də göstərildiyi kimi, döyüş qabiliyyətli deyil, dinc əhali arasında itkilərin sayı isə rəsmi rəqəmlərdə göstərildiyindən üstündür, talibləri isə qonşu Pakistan və İran dövlətləri müdafiə edir. Əksəriyyət hesab edir ki, bu informasiya sızmasının çox ciddi hərbi və siyasi nəticələri olacaq.
«Taliblərdən də qorxunc»
Əfqanıstandakı Beynəlxalq təhlükəsizlik qüvvələrinin (ISAF) qərargahında əsl təşviş hökm sürür. «Bu oğlanlar əməliyyatlara taliblərdən böyük zərbə vurublar» -deyə beynəlxalq təhlükəsizlik qüvvələrində adının çəkilməsini istəməyən mənbə bildirib. Hətta koalisiya qüvvələrinin mətbuat xidmətinin əməkdaşları da bununla bağlı adlarının açıqlanmasından ehtiyat ediblər.
NATO hərbi qüvvələrinin bu cür ağrılı reaksiyasına səbəb Pentaqonun Əfqanıstanda apardığı müharibə ilə bağlı məxfi sənədlərin açıqlanması olub. Saytda yerləşdirilən arxiv materialları 2004-cü ilin yanvarından 2009-cu ilin dekabrına kimi olan dövrü əhatə edir. Artıq məlumatları ABŞ-ın «Nyu York Tayms», Britaniyanın «Tayms» və almanların həftəlik «Şpigel» həftəliyi dərc edib. Özü də onlar saytın rəhbərliyindən materialları yalnız bir gün - iyulun 25-də dərc etmək razılığını alıblar. Məlumatın haradan əldə edildiyi bir yerdə belə göstərilmir. Lakin istisna deyil ki, bu şəxs ABŞ hərbi kəşfiyyat idarəsinin analitiki Bredli Menninqdir. O, bir ay bundan öncə İraqda həbs edilib. Onu «Wikileaks» saytına 260 min məxfi sənəd ötürməkdə günahlandırıblar. 22 yaşlı bu gənc onları adi diskə köçürüb və bildirib ki, qoy hamı Əfqanıstan və İraqda aparılan müharibə ilə bağlı həqiqətləri bilsin. Sənədlər beynəlxalq təhlükəsizlik qüvvələrinin tərkibində İraq və Əfqanıstanda xidmət çəkən ABŞ ordusunun zabitləri tərəfindən yazılıb. Hesabatlar əsas etibarilə Əfqanıstandakı vəziyyətlə bağlı amerikalı diplomatların və hərbçilərin analitik yazıları, döyüş tapşırıqları, informatorların məlumatlarının analizini əhatə edir. Bu kiçik məlumatlarda dünyanın ən qüdrətli ordusunun və onun müttəfiqlərinin doqquz il ərzində apardıqları müharibənin heç də xoş olmayan təəssüratları açıq görünür. Təəccüblüsü odur ki, bu məlumatlar məxfilik adı ilə qorunur və onların bir hissəsi hətta ISAF-a üzv olan dövlətlər arasında belə yayıla bilməz. «Wikileaks» saytında nəşr edilən bir sənəddə belə bir təhliledici açıqlama var: «Əfqan qadınları İSAF-ın missiyasının bəşəri üzünü Avropa cəmiyyətinə, xüsusilə də Fransaya göstərməyə qadirdir».
«Wikileaks» nədir?
Bu sayt «Wikipedia» internet ensiklopediyasına analoq hesab edilir və 2006-cı ildə buraxılıb. Əsasən hökumətin məxfi və xidməti sənədlərinin dərci üzrə ixtisaslaşıb. Bu gün orada 1,2 mln. kompromat tipli məlumatlar yerləşdirilib və hər gün ora azı 70 min nəfər baxır. Bu sayt ona məlumat verən mənbənin anonimliyini tam şəkildə qoruyub saxlayır. Saytın əsasını çinli dissidentlər, eləcə də ABŞ, Tayvan, Avropa, Avstraliya və Cənubi Afrikadan olan proqramçılar və riyaziyyatçılar qoyub. Baş redaktor avstraliyalı jurnalist və haker Culian Assanjdır. Sayta hostinqi İsveçrənin «PRQ» kompaniyası təqdim edib. Onun daiimi əməkdaşlarının sayı beş nəfərdir, eyni zamanda onunla 1,7 min nəfər könüllü şəkildə əməkdaşlıq edir. Saytın il ərzində xərcləri 200 min avro təşkil edir. Burada 2010-cu ildə iki jurnalistin ABŞ hərbçiləri tərəfindən İraqda öldürüldüyünü göstərən videorliki nümayiş etdirib. Saytla bağlı sonuncu qalmaqal apreldə olub. Orada ABŞ vertolyotlarının İraqda dinc vətəndaşları necə bombalamasının video görüntüləri yayılmışdı.
Cəbhədə dəyişiklik yoxdur
Əldə olunan sənədlər dinc əhali arasında itkilərin həddən artıq çox olduğundan bəhs edir. Hesabatlarda 144 əməliyyatın gedişi təsvir olunub və onların çoxunda dinc əhalinin həlak olduğu göstərilir. Özü də insidentlərin böyük bir hissəsi geniş ictimaiyyətin diqqətinə çatdırılmır. Qeyd olunan hesabat çox dəhşətli faktlar ortya qoyub. Bəlli olur ki, amerikalı əsgərlər hər hansı bir təhlükə hiss edən kimi dərhal hədəfə atəş açırlar. Məsələn bir dəfə patrul vaxtında ayağını əyləcə basmağa macal tapmayan sürücüyə atəş açıb. Nəticədə dörd sərnişin həlak olub, 11 nəfər isə yaralanıb. Hesabatda 144 belə hadisə var və orada ölənlərin sayının yüzlərlə olduğu bildirilib. Taliblərin Qunduz vilayətində ələ keçirdikləri benzindolduran maşına edilən aviahücum nəticəsində 140 nəfər dinc sakin öldürülmüşdü. Sakinlərin həmin maşından benzin götürmək istəyi onların ölümü ilə sonuclanıb. Sənədlərdən bəlli olur ki, dinc əhali arasında itkilərin əsas səbəbkarı Amerikanın «ölüm eskadronu» adlanan hərbi birləşmələridir. Bu qrup «Task Force 373» adlanan və superməxfi dəstədir, onlar «Taliban»ın yüksək rütbəli 2 min üzvünün ələ keçirilməsi ilə məşğul olur. Xüsusi təyinatlılar qarşısında «ələ keçirmək və yaxud öldürmək» tapşırığı qoyulur. Əgər yaraqlını diri ələ keçirə bilmirlərsə, onda o, mütləq öldürməlidir. Məsələn, liviyalı yaraqlı Əbu əl-Livinin ələ keçirilməsi zamanı xüsusi təyinatlılar onun yeddi uşağını da öldürmüşdülər. Əvvəllər bu xüsusi təyinatlı qrup haqqında heç kim məlumatlı olmayıb. Belə ki, ABŞ və NATO qüvvələri məhkəmədən kənar edamların həyata keçirilməsini ümumiyyətlə, təkzib edirdilər. ABŞ hərbçilərinin hesabatlarından bu qənaətə gəlmək olur ki, koalisiya qüvvələri arasında koordinasiya yoxdur. Çox vaxt hərbi birləşmələr bir-birilərini atəşə tuturlar, özü də çox vaxt burada hədəf əfqan hərbçiləri olur. ABŞ və onun müttəfiqlərinin bir neçə ildən sonra təhlükəsizliyi etibar edəcəkləri əfqan ordusu barədə də fikirlər də alt-üst olub. Belə ki, sənədlərdə onların arasında təşkilatçılığın və döyüş qabiliyyətinin olmadığı göstərilib. Taliblərin zərərsizləşdirilməsi əməliyyatlarını isə çox vaxt amerikalılar həyata keçirir. Əldə olunan uğurları isə əfqan ordusunun adına yazırlar. Bununla da məqsəd ictimaiyyətə əfqanlar arasında döyüş qabiliyyətinin yüksək olduğunu göstərməkdir. Taliblər isə əksinə, hərbi məlumatlarda daha effektli və təşkilatlanmış qüvvə kimi göstərilir. Məsələn, son illərin məlumatlarında taliblərin «Stinger» tipli raketlərdən istifadə etdikləri bildirilib. Amerikalı hərbi analtiklər hesab edirlər ki, ötən əsrin 80-ci illərində bu raketlərin Əfqanıstanda peyda olması müharibədə köklü dəyişiklik yaratdı. Bu raketlər sovet aviasiyasının sərbəst manevr etmək imkanının qarşısını aldı. İndi Pentaqon ehtiyat edir ki, vəziyyət həmin ssenari üzrə dəyişəcək. Bu isə bütün hərbi əməliyyatların uğurunu şübhə altına almış olacaq. Məhz bu səbəbdən də taliblərin «Stinger» raketlərinə malik olduqları barədə informasiyalar gizlədilir. Sənədlərdə göstərilir ki, taliblərin vurduqları vertolyotlar sadəcə qəza nəticəsində yerə düşüb.
Ümumiyyətlə, qeyd olunan məlumatlar sensasiya kimi qarşılanıb. Belə ki, onsuz da hamı burada vəziyyətin ağır olduğunu bilirdi. Lakin «Wikileaks»da dərc olunan məlumatların dəqiqliklə göstərilməsi əsl şok effekti yaradıb. Ən böyük zərbə isə ABŞ prezidenti Barak Obamaya dəymiş olacaq. Çünki Obama Əfqanıstanda aparılan müharibəni özünün xarici siyasətinin prioriteti elan edib. Təəccüblü deyil ki, Vaşinqton artıq informasiya cəbhəsində əks hücuma keçib. Sənədlərin dərcindən əvvəl Ağ evin mətbuat xidməti prezidentin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Consun bəyanatını yayıb. Orada informasiyanı sızdıranların ABŞ və onun müttəfiqlərinin vətəndaşları üçün təhlükə yaratdığı, eləcə də ölkənin milli təhlükəsizliyini sarsıtdığı da qeyd olunub. İnformasiyanın yayılmasından sonra keçirilən brifinqdə isə sənədlərdə göstərilən məlumatların Corc Buş administrasiyasındakı dövrü əhatə etdiyi göstərilib. Buna baxmayaraq, faş olunan informasiya Obama üçün sarsıdıcı olacaq. Çünki, Obama ötən payızda qeyd etmişdi ki, 2011-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanılacaq və onlar stabil bir ölkəni tərk edəcəklər. Lakin indi görünür ki, bu bəyanat həddən artıq optimist əhval-ruhiyyədə verilib. O da aydındır ki, bu, amerikalı seçicilərin xoşuna gəlməyəcək. Belə ki, onlar noyabr ayında Konqresə keçiriləcək seçkilərdə səs verməli olacaqlar.
Yeri gəlmişkən Birləşmiş Ştatlar hakimiyyəti sənədlərin həqiqi olduğunu etiraf edib. Bundan əlavə, Ağ evin mətbuat katibi Robert Gibbs məcburiyyət qarşısında qalaraq təsdiq edib ki, bu informasiya sızmasında yeni heç bir şey yoxdur: «Bu məlumatların üzə çıxması sistemli şəkildə heç nəyi dəyişmir». Onun sözlərinə görə, nəşr edilmiş məlumatlar arasında kəşfiyyat sənədləri, generalların hesabatı və Vaşinqton ilə Kabil arasında gizli danışıqlar var: «Odur ki, indi administrasiya sayt yaradıcılarının bu sənədləri haradan əldə etdiklərini ayırd etməli olacaq. Bu sənədlərin nəşr olunması bizi ehtiyatlı olmağa vadar edir. Gizli materialların yayılması faktı təkcə qanunsuzluq deyil, həm də silahlı qüvvələrlə əməkdaşlıq edənlər, hər gün bizim həyatımızı qoruyan insanlar üçün real təhlükə yaradır». «Human rights Watch», «Amnesty International» kimi beynəlxalq hüquq müdafiə təşkilatları isə ümid edirlər ki, Vaşinqton başqa əfqan rəsmilərinin də iştirakçısı olduğu deyilən cinayətləri araşdırmağa başlayacaq.
Azər NURİYEV