Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
Axtarış: 
ABŞ Senatında Brayza davası
Ağ Evin Azərbaycana səfir namizədi, gözlənildiyi kimi, erməni mənşəli seçicilərin “sifarişli” suallarını verən senatorların təzyiqinə məruz qalıb



ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Ağ Evin Azərbaycan, Yunanıstan, İslandiya, Bosniya və Herseqovinaya göndərmək istədiyi səfirlərin namizədlikləri nəzərdən keçirilib. Dinləmələrə sədrlik edən Nyu-Hempşir ştatının demokrat təmsilçisi xanım Cin Şahin bildirib ki, adıçəkilən ölkələrdəki səfir vəzifələri ABŞ maraqlarının Avropa və Qafqazda təmin edilməsi baxımından olduqca vacibdir. Bu ölkələrin hər biri ABŞ üçün əhəmiyyətli müttəfiq rolunu oynayır. Azərbaycana gəldikdə, Şahin qeyd edib ki, Azərbaycan müsəlman dünyası ilə Qərb dünyasını birləşdirən və geostrateji əhəmiyyət daşıyan bölgədə yerləşir: «ABŞ müdafiə naziri Robert Qeyts və dövlət katibi Hillari Klintonun Bakıya son səfərlərindən istifadə olunaraq münasibətlər inkişaf etdirilməlidir”. Senator vurğulayıb ki, ABŞ-ın Minsk qrupundakı rolu Dağlıq Qarabağda zorakılığa son qoyulmasında və yeni səhifənin açılmasında mühüm olacaq.

Diplomatların çıxışlarından sonra Xarici Əlaqələr Komitəsinin həmsədri, nüfuzlu respublikaçı senator Riçard Luqar Metyu Brayzanı təqdim edib. Luqar nominasiyanın vaxt baxımından vacib olduğu məsələsinə diqqəti çəkərək, artıq uzun müddətdir Bakıda ABŞ-ın səfir səviyyəsində təmsil olunmadığını bildirib. Senator Luqar ABŞ-ın namizədliyi Senatda təsdiq olunmuş bir təmsilçisinin olmamasına görə Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarının təmin edilməsinin ləngiyə biləcəyindən narahatlığını ifadə edib: “Bizim komitə ABŞ-ın Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstarla Xəzər regionundan Avropaya qədər uzanan cənub enerji dəhlizinin yaradılmasında əsas element olan “Nabukko” layihəsinin genişləndirilməsi istiqamətində iş aparır. Bu sahədə inkişaf bizim müttəfiqlərimizə enerji mənbələrinin diversifikasiyası, eyni zamanda, region ölkələrinin diqqətini daha yaxın əməkdaşlığa yönəltməsinə imkan verə bilər. “Nabukko” kəmərinin kommersial və siyasi cəhətdən baş tutması həm Azərbaycanın öz ehtiyatlarını nəql etmək, həm də Qazaxıstan, Türkmənistan və mümkün başqa ölkələrdən Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyada enerjinin nəqli üçün tranzit rolunu oynamaq istəyindən asılı olacaq”. Senatorun sözlərinə görə, Azərbaycan və Cənubi Qafqazın digər ölkələri ilə yaxın əməkdaşlıq Yaxın Şərqdə Amerika əsgərləri üçün təchizatın çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük əhəmiyyət daşıyır. O, Nunn-Lugar proqramının maddələrinin gerçəkləşdirilməsi və Azərbaycanın sahil mühafizəsinin müasirləşdirilməsi kimi işlərin Bakıda ABŞ-ın səfiri tərəfindən yaxından izlənilməli olduğunu bildirib. Senator Luqar Metyu Brayzanın 13 ildən artıqdır Ağ Evdə və Dövlət Departamentində ABŞ-ın Avropa və Qafqaz bölgəsində xarici siyasət sahəsində böyük təcrübəyə malik diplomat olduğunu vurğulayıb. O, Brayzanın şəxsi səylərinin region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması və enerji təhlükəsizliyinin gücləndirilməsi sahələrində böyük rol oynadığını qeyd edib.
Bu təqdimatlardan sonra Metyu Brayza Senat komitəsi qarşısında Azərbaycana ABŞ səfiri təsdiq ediləcəyi təqdirdə fəaliyyət istiqamətləri barədə çıxış edib. O, Azərbaycanı Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş adlandıraraq dini və etnik müxtəlifliyi ilə seçilən dünyəvi dövlətimizi iqtisadi artımın sürəti baxımından dünyada ən qabaqcıl ölkələrdən biri kimi dəyərləndirib. ABŞ bu artımı geniş islahatlara çevirərək bölgədə sülh və sabitliyin bərqərar olması prosesində üzləşdiyi çətinliklərdə Azərbaycana yardım etməyə hazırdır. Brayza xüsusi olaraq təhlükəsizlik, enerji və demokratik islahatlar sahəsində ABŞ-Azərbaycan tərəfdaşlığının gücləndirilməsi işinə sadiq qalacağını nəzərə çatdırıb. 2001-ci il sentyabr hadisələrindən dərhal sonra Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-a dəstəyini vurğulayıb. Metyu Brayza ATƏT-in Minsk qrupu həmsədri olduğu müddətdə digər həmkarları ilə yanaşı, Helsinki Yekun Aktının münaqişənin həllinin əsasını təşkil edəcək zorakılıqdan çəkinmə, dövlətlərin ərazi bütövlüyünün tanınması və öz müqəddəratını təyinetmə prinsipləri üzrə Azərbaycanı və Ermənistanı yaxınlaşdırmaq üçün gərgin iş apardığını deyib. Səfir təyin ediləcəyi təqdirdə o, Minsk qrupunun hazırkı həmsədrlərini bu istiqamətdə səylərin davam etdirilməsi üçün dəstəkləyəcək. Brayza senatorlar qarşısında Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli olmadığını vurğulayıb.
Azərbaycan neftlə yanaşı, həm də təbii qaz təchizatı mənbələrinin müxtəlifləşdirilməsində artan rol oynayır. Brayza “Cənub dəhlizi”nin qaz infrastrukturunun inkişaf edərək Azərbaycan və Mərkəzi Asiyanın qaz ehtiyatlarının Avropa bazarlarına çatdırılması istiqamətində çalışmaq niyyətindədir. O əlavə edib ki, ABŞ-ın öz siyasi məqsədlərinə çatması üçün Azərbaycan sabit ölkə olmalıdır.
Dinləmələrin sual-cavab hissəsində Ağ Evin Azərbaycana səfir namizədi, gözlənildiyi kimi, erməni mənşəli seçicilərin “sifarişli” suallarını verən senatorların təzyiqinə məruz qalıb. Xüsusilə Kaliforniya ştatının təmsilçisi senator Barbara Bokser və Nyu-Cersi ştatının təmsilçisi senator Robert Menendez diplomatdan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri kimi Azərbaycan hökumətini hərbi bəyanatlarına görə nə üçün pisləmədiyi, Konqres tərəfindən separatçı Dağlıq Qarabağ rejiminə ayrılan milyonların nədən son qəpiyədək xərclənmədiyi, Azərbaycanın Culfa bölgəsində erməni qəbir daşları-“xaçkar”ların dağıdılmasına niyə daha kəskin münasibət göstərmədiyi ilə bağlı izahat tələb etmiş, Azadlığa Dəstək Aktına 907-ci maddənin qanun kimi saxlanılmasına çağırmışlar.
Menendez Amerikanın Ermənistanda keçmiş səfiri Con Evans barədə sual verib. Qeyd edək ki, onu qondarma erməni genosidini tanımadığına görə işdən çıxarıblar. Brayza deyib ki, bu məsələyə heç bir bağlılığı yoxdur: «Səfir Evansın çıxarılmasında mənim heç bir rolum olmayıb. Mənimlə məsləhət olunmayıb. Mən bu barədə hadisə baş verəndən sonra eşitmişəm. Mən qətiyyən bu prosesin iştirakçısı olmamışam».
Brayza əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Brayzaya dair suallardan çoxu həyat yoldaşı Zeyno Baranla bağlı olub. Zeyno Baran Vaşinqtondakı Hudson İnstitutunda türk-amerikan alimidir. Brayza dinləmədə deyib ki, onun nikahı maraqlar toqquşması yaratmayacaq, Dövlət Departamenti onun maliyyə işlərini yoxlayıb, elə bir nöqsan üzə çıxmayıb. Brayza deyib ki, Baran səfir kimi onun mövqelərinə təsir etməyəcək, onların hansısa ümumi mövqeyi isə qohumluq əlaqələrinin nəticəsi olub:
«Bizi ilk növbədə birləşdirən onun iti, dərin zəkası, mənim sadiq olduğum beynəlxalq dəyərlərə - sülh, firavanlıq, demokratikləşmə, İslam və demokratiyanın uyğunlaşdırılmasına onun da sadiq qalmasıdır. Bizim dünya barədə ümumi ideyalarımız var, elə buna görə də biz bir-birimizə vurulmuşuq. Ancaq biz 10 il bundan qabaq bir qərar da vermişik-professional və şəxsi həyatlarımızı ayırmaq».
Brayza onu da əlavə edib ki, təsdiqlənsə, Baran Dövlət Departamenti və Bakıdakı Amerika Səfirliyi qarşısında Hudson İnstitutu ilə bağlı heç bir məsələ qaldırmayacaq. Onun özü də qabaqcadan icazə almadan bu institutla bağlı heç bir məsələyə toxunmayacaq.
Qeyd edək ki, Senat Komitəsinin dinləmələri rəsmi olaraq iyulun 24-dək davam edəcək. Bu müddət ərzində senatorlar Azərbaycana səfir namizədinə əlavə suallar göndərərək cavablar alacaqlar. Daha sonra namizəd üzrə səsvermə keçiriləcək.


Azər NURİYEV

Yerləşdirilib: 24.07.10   Baxılıb: 248
+  -  Çap 

ONLINE XƏBƏRLƏR
 
  • Ombudsman Niderlandın XİN nümayəndələrini qəbul edib
  • Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
  • Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
  • Birinci Dünya müharibəsinin son iştirakçısı vəfat edib
  • İraqda 14 nəfər edam olunub
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb

  •