Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a AİF-dən veriblər.
Hərraca 3 mln. manat həcmində və cari qiymətlə (100,3250 manat) istiqraz çıxarılıb. İstiqrazların son ödənmə tarixi 11 dekabr 2019-cu ildir. Təqdim edilən sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat isə Mərkəzi Bankdır. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçirilib. Depozitari xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstərilib. Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti ötən ilin 30 dekabrında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.
|