
Azərbaycanla Avropa Birliyi (AB) arasında assosiasiya sazişi üzrə danışıqlar başlayıb. Danışıqların birinci plenar iclasına AB-nin və Azərbaycan hökumətinin təmsilçiləri qatılıblar.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev tədbirdə çıxış edərək bu sazişin imzalanmasının Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində növbəti və mühüm bir addım olduğunu, bunun Azərbaycan tərəfinin üzərinə böyük bir məsuliyyət qoyduğunu deyib. Nazir müavini onu da vurğulayıb ki, AB-nin regionda sülhün bərpa olunması, stabillik yaratmaq və Ermənistanla Azərbaycan arasında problemin həll edilməsi prosesində iştirak etməyə imkanları var və sazişdə də bu məsələlər öz yerini tapacaq.
AB-nin nümayəndə heyətinə rəhbərlik edən Con Krayer bildirib ki, bu sazişin imzalanması birliyin Azərbaycan və regionla münasibətləri dərinləşdirməyə marağını nümayiş etdirir: “Ötən ildən başlayaraq biz şərq qonşularımızla mümkün yaxın münasibətlərin qurulmasına xüsusi önəm veririk. Biz münasibətlərin yaxınlaşmasına fikir verəcəyik, demokratiya, insan hüquqlarına hörmət, bazar iqtisadiyyatı məsələləri diqqətdə olacaq. Bu prosesdə bir sıra tərəflər, qurumlar iştirak etməli, əsaslı iş görülməlidir. Əminəm ki, ən yaxşı iş qarşılıqlı etimad əsasında olacaq. Assosiasiya sazişlərinə dair müzakirələrin başlanmasına Avropa İttifaqı tərəfindən bütün şərait yaradılır”. Jurnalistlərə açıqlamasında M. Məmməd-Qulyev bildirib ki, müzakirə olunan sənəd assosiasiya sazişi adlanır və bu, yeni bir hüquqi sənəddir: “Bundan əvvəl 1995-ci ildə Avropa Birliyi ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş hazırlanmışdı. Artıq bu sənəd öz vəzifələrini yerinə yetirib və onun yerinə yeni hüquqi sənəd imzalanmalıdır. Hələlik biz AB-nin təklifləri haqqında məlumat almamışıq və yəqin ki, tədbirdə bu təkliflər Azərbaycan tərəfinə təqdim olunacaq. Mövzular bizim üçün aydındır. Bu sazişin imzalanması bizim münasibətlərimizin hüquqi bazasıdır”. M. Məmməd-Quliyev Azərbaycan qanunvericiliyinin AB-nin qanunvericiliyinə uyğunlaşdırılması prosesinin davam edəcəyini qeyd edib: «Artıq iqtisadi qanunvericilik Avropa İttifaqının qanunvericiliyi ilə uyğunlaşdırılıb”. APA-nın məlumatına görə, AB-nin Azərbaycanla assosiasiya sazişi imzalanması üzrə danışıqlar qrupunun rəhbəri Con Krayer deyib ki, tərəflər arasında yalnız viza rejiminin sadələşdirilməsi nəzərdə tutulur və bu zaman daha çox vaxt məsələsi və vizanın ucuz başa gəlməsi əsas götürülür: “Vizanın ümumilikdə ləğv edilməsi barədə danışa bilmərik. Bütün bu proseslər əlaqələndirilməlidir. Qeyri-qanuni yolla Avropa Birliyi ölkələrinə gələnlər geri qaytarılacaqlar. Azərbaycanla hələlik texniki danışıqlar aparılır. Azərbaycan tərəfinə bir sıra texniki suallar ünvanlamışıq. Bu suallara cavab alındıqdan sonra texniki səviyyəni qiymətləndirəcəyik, təhlil aparılacaq və sonra Avropa Komissiyasına səlahiyyət veriləcək ki, bu danışıqları aparsın. Vaxt haqqında heç nə deyə bilmərəm. Çünki suallara cavab almamışıq”.
|