Amid İsbəndərov/AZADİNFORM. Bu gün Azərbaycanda ilk dəfə olaraq Quba rayonu Qalaxudat kəndinə yaxın ərazidə “Qızıl Qaya-2010” beynəlxalq dağ idmanı festivalı işinə başlayıb. Festival Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Qərb Unversitetinin dəstəyi ilə təşkil olunur. Bu barədə məlumatı AZADİNFORM-a Federasiyanın mətbuat xidmətindən veriblər.
Proqramda boulderinq yarışlarının keçirilməsi, Şahdağ silsiləsində yerləşən “Heydər zirvəsi”nə sürətli yürüşün təşkili, müxtəlifliyi sevənlər üçün uzunluğu 1 km-dən çox, hündürlüyü 200-300 metrə yaxın olan toxunulmayan qaya divarlarına dırmanmaq və digər tədbirlər nəzərdə tutulub. Tədbirdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 20 klubunun (Bakı şəhəri və o cümlədən regionlarından Qusar, İsmayıllı, Qax, Gəncə, Daşkəsən, Qobustan rayonlarından) 100-dən çox idmançıları və Azərbaycan Alpinizm Federasiyasının nümayəndələri, həmçinin Rusiya, Gürcüstan və Macarıstandan da idmançılar iştirak edəcəklər.
Festival iyulun 18-də başa çatacaq.
|