
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. AzTV xəbər verir ki, dövlət başçısı çıxışında bu ilin 6 ayında Azərbaycanda sosial-iqtisadi inkişafın davam etdiyini vurğulayıb: «Dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanda müsbət meyllər öz mövqeyini qoruyub saxlayıb». Çıxışına bu sözlərlə başlayan Prezident İlham Əliyev bildirib ki, 2010-cu ilin 6 ayında ölkədə Ümumi Daxili Məhsulun artımı 3,7 faiz təşkil edib, qeyri-neft sektorunda 15.3 faiz artım əldə olunub. Ölkədə orta əmək haqqı 400 dollar, orta pensiyanın həcmi isə təxminən 130 dollar təşkil edib. Hazırda Azərbaycanın dövlət büdcəsi 15 milyard dollardır. “Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının çoxşaxəli olduğunu göstərir” deyən dövlət başçısı bildirib ki, indi əsas məqsəd neft amilindən yararlanıb Azərbaycanın inkişafını tam təmin etməkdir.
Ölkəyə investisiyaların cəlb olunması ilə bağlı siyasətin 2010-cu ilin birinci yarısında da uğurla davam etdiyini deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu dövrdə Azərbaycanın valyuta ehtiyatları artıb, bununla da iqtisadiyyat daha da güclənib. Son 6 ayda iqtisadiyyata yatırılan 3,8 milyard dollar sərmayədən 3 milyard dolları daxili investisiyaların payına düşüb. Bu dövrdə sosial məsələlərin həlli diqqət mərkəzində olub, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası uğurla davam edib. Bu ilin 6 ayında Azərbaycanda 36 min yeni iş yeri açılıb. Son 6 ildə yaradılan iş yerlərinin sayı isə 900 min olub. Onlardan 600 mini daimidir. Bununla da ölkədə işsizliklə bağlı məsələlər uğurla həll olunur, idxalı əvəzləyən məhsulların istehsalına böyük diqqət verilir. Neft-qaz sektorunda da işlər plan üzrə gedir. Son 6 ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilib. Bu sahədə ölkəmizin mövqeləri daha da güclənib. “Bizim siyasətimizin əsasında ölkəmizi modernləşdirmək, ən qabaqcıl texnologiyanı Azərbaycana gətirmək dayanır” deyən dövlət başçısı bildirib ki, bununla Azərbaycan uzunmüddətli inkişaf strategiyasını təmin etməyi hədəfləyir. Dövlət başçısı Azərbaycanda müdafiə potensialının gücləndirildiyini, hazırda hərbi xərclərin 2 milyard 150 milyon dollar təşkil etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan hakimiyyətinin fəaliyyətinin şəffaf olduğunu dedi. Bildirdi ki, münaqişə yalnız Azərbaycan xalqının iradəsi əsasında həllini tapacaq, son sözü Azərbaycan xalqı və dövləti deyəcək. Ölkəmizin ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayacaq. Prezident İlham Əliyev vurğuladı ki, danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı hər şey açıq-aydın göstərilib. Azərbaycan dövləti və xalqı Dağlıq Qarabağa onu Azərbaycandan ayıracaq heç bir status verməyəcək. Dövlət başçısı bildirdi ki, Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışmayacaq və öz ərazi bütövlüyünü təmin edəcək. Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov və müdafiə sənayesi naziri Yavər Camalov bu ilin 6 ayında görülən işlər barədə məruzə etdilər. Müşavirəyə yekun vuran Prezident İlham Əliyev dövlət büdcəsinə əlavə edilən vəsaitlərin səmərəli istifadə olunması ilə bağlı tapşırıqlarını verib. Dövlət başçısı yaz aylarında ölkədə baş verən təbii fəlakətin aradan qaldırılması ilə bağlı görülən işlərin yüksək səviyyədə həyata keçirildiyini bildirib. Gələn aylarda Azərbaycanda minimum əmək haqqının və pensiyanın artırılacağını deyən dövlət başçısı ölkədə yoxsulluğun azaldığını, son vaxtlarda yoxsulluq həddində yaşayanların sayının 4 dəfə aşağı düşdüyünü bildirib. Prezident İlham Əliyev ölkədə sosial obyektlərin tikintisinin, sahibkarlara kreditlərin ayrılmasının daha sürətlə aparılmasının vacibliyini diqqətə çatdırdı. Ölkədə ekoloji məsələlərin həllinə diqqət göstərildiyini deyən dövlət başçısı Oğuz-Qəbələ-Bakı su kəmərinin bu ilin sonuna qədər çəkilib başa çatdırılmasının zəruri olduğunu bildirib. Dövlət başçısı bölgələrin qaz və elektrik enerjisinə olan tələbatının tam təmin edilməsi, nativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi, 2011-ci ilin dövlət büdcəsinin sosial yönümlü olması ilə bağlı tapşırıqlarını verib. Prezident İlham Əliyev sonda ölkə iqtisadiyyatında ilin sonuna qədər müsbət tendensiyaların davam edəcəyinə əminliyini ifadə edib.
|