
Komətəsində müzakırələr başlanmazdan əvvəl Barak Obama administrasiyası Konqresə “erməni soyqırımı” haqqında qərar layihəsinin qəbul olunmamasını tövsiyə edib
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi 1915-ci ildə Osmanlı imperiyasında ermənilərlə baş vermiş toqquşmaların “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan 252 saylı qətnamə layihəsi gərginlik mövzusu olaraq qalır. Əksəriyyət hesab edir ki, Amerikadakı türk dərnəklərinin, ABŞ-ın aviasiya və müdafiə sənayesi sahəsindəki önəmli şirkətlərinin, Türkiyə parlamentinin çağırışlarına baxmayaraq, layihənin komitədən keçəcəyi ehtimalı böyükdür. Komətədə müzakırələr başlanmazdan əvvəl Barak Obama administrasiyası Konqresə “erməni soyqırımı” haqqında qərar layihəsinin qəbul olunmamasını tövsiyə edib. “CNN Türk”ün məlumata görə, dövlət katibi Hillari Klinton məsələ ilə əlaqədar Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermana zəng edib. H. Klinton layihənin qəbul ediləcəyi təqdirdə Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların risk altında qalacağını bildirib. Bundan əvvəl martın 3-ü axşam saatlarında Türkiyə prezidenti Abdulla Gül amerikalı həmkarı Barak Obama ilə telefonla danışıb. Söhbətdə Gülün Obamaya “Amerika türk xalqına qarşı ediləcək haqsızlığa yol verməməlidir” dediyi bildirilir. Vaşinqtonda “soyqırım” layihəsinin qəbul edilməməsi üçün apardığı kampaniya ilə bərabər Ankara ən pis ssenariyə də hazırlaşır. Türkiyə televiziyalarının son xəbərinə görə, Ankara Vaşinqtona “Əgər “soyqırım” qətnaməsi qəbul edilsə, səfirimizi geri çağırmaq da daxil olmaqla, bütün variantlara gedəcəyik” mesajını göndərib. Bundan öncə isə Türkiyədən ABŞ-ın aviasiya və müdafiə sənayesi şirkətlərinə ticarət müqavilələrinin dondurula biləcəyi haqda xəbərdarlıq edilmişdi. Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutan, ötən il Sürixdə Ankara ilə Yerevan arasında imzalanmış protokolların birdəfəlik arxivə atılması, ABŞ ordusu gələn il İraqdan çəkiləndən sonra Vaşinqtonun Türkiyədən istəyəcəyi dəstəyin və Əfqanıstanda olan Qərb qoşunları ilə əməkdaşlığın yenidən gözdən keçirilməsi, İranın nüvə fəaliyyəti lə bağlı Türkiyənin oynadığı rolun azaldılması da Ankaranın “soyqırım” layihəsi qəbul ediləcəyi təqdirdə atacağı addımlar sırasında göstərilir.Vaşinqtondakı səsvermənin nəticəsinin hazırda müzakirə edilən, NATO müdafiə sistemi çərçivəsində Türkiyədə qurulması planlaşdırılan radar sisteminin taleyinə də təsir edəcəyi vurğulanır. Yeri gəlmişkən, silsilə müsahibələr verən xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə nümayəndə heyəti qondarma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsi məsələsinin Konqresdə müzakirə edilməsinə dair ABŞ-da danışıqlar aparır. XİN rəhbərinin sözlərinə görə, ABŞ-Türkiyə münasibətləri yüksək səviyyəyə çatıb və Birləşmiş Ştatlar hazırkı məsələni nəzərdən keçirərək Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamalıdır. “Hazırda ABŞ-ın iki yolu - Türkiyə-Ermənistan arasındakı əlaqələrdə və ümumilikdə, Cənubi Qafqazda əldə olunmuş tərəqqinin heçə endirilməsi yolu, yaxud regionda sülh prosesinə yardım etməkdə davam etmək yolu var. Biz ümid edirik ki, onlar ikinci yolu seçəcəklər” - Davudoğlu deyib. Türkiyənin Amerika ilə sıx əməkdaşlıq etdiyini xatırladan türkiyəli nazir vurğulayıb ki, Əfqanıstan, İraq, Balkanlar, NATO və “Böyük 20-lik” kimi təşkilatlarda iki ölkənin iqtisadi və siyasi maraqları var. Sürix protokollarının da vacib bir mərhələdə olduğunu deyən Davudoğlu, Ermənistan Konstitusiya Məhkəməsinin çıxardığı qərarın da, protokollara zidd olduğunu bildirib. Baş verənlərin fonunda qondarma erməni soyqırımının müzakirələrə çıxarılmasını nazir siyasi və etik səhv sayır. “Yüksək dərəcədə əməkdaşlıq olduğu bir dönəmdə bu, əməkdaşlığa ciddi zərər vuracaq. Artıq hər il bu tarixdə sözügedən addımı ataraq rəsmi Ankaraya təzyiq göstərmək Türkiyəni tanımamaq anlamına gəlir. Biz Türkiyə-Amerika münasibətlərinin yaxşı olduğu və Qafqazda əhatəli Azərbaycan-Ermənistan sülh danışıqlarının getdiyi bir vaxtda hər hansı bir problemin ortaya çıxmasını istəmirik. Təkcə Türkiyənin addımları ilə işin getməsi çox çətindir. Lokal siyasi qərarlar vermək təkcə Türkiyəyə deyil, bütün tərəflərə təsir edəcək” - deyə nazir bildirib.
Azər NURİYEV
Türkiyə prezidenti Abdulla Gül Barak Obama ilə telefonla danışığında “Amerika türk xalqına qarşı ediləcək haqsızlığa yol verməməlidir” deyib
|